
Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərindən Azərbaycana gələn 23 yaşlı Əfqanıstan vətəndaşı Bakı Beynəlxalq Hava Limanında hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.
Qanuntv.az xəbər verir ki, şəxs Avropaya miqrasiya etmək məqsədilə saxta sənədlərdən istifadə edərək ölkə ərazisinə daxil olmağa cəhd edib.
İttiham aktına əsasən, əcnəbi vətəndaş Dubay-Bakı reysi ilə hava limanına gələn zaman özünə məxsus həqiqi sənədlərdən istifadə etsə də, sərhəd nəzarətində saxta pasport təqdim edib. Dövlət Sərhəd Xidmətinin əməkdaşları saxtakarlığı dərhal aşkar edərək şəxsi saxlayıb və istintaq orqanlarına təhvil veriblər. Faktla bağlı cinayət işi açılıb.
Məhkəmə zamanı təqsirləndirilən şəxs ifadəsində bildirib ki, Əfqanıstanda işsizlik səbəbindən Avropaya gedərək orada işləmək və yaşamaq istəyib. Viza ala bilmədiyindən isə alternativ yollara müraciət edib. Tanışı “Safi” ona saxta Pakistan pasportu hazırlayıb və Avropaya çatmaq üçün marşrutun Azərbaycandan keçməli olduğunu bildirib. Dubaya öz ölkəsinin pasportu ilə gələn şəxs, Bakı hava limanında saxta sənədi təqdim edib.
Saxlanılan şəxs törətdiyi əməldən peşman olduğunu bildirib və əlavə edib ki, ailə üzvlərinin səhhətində problemlər olduğundan Avropada pul qazanaraq onlara kömək etmək istəyib.
Xəzər Rayon Məhkəməsinin hökmü ilə Əfqanıstan vətəndaşı 7 ay müddətinə azadlıqdan məhrum edilib.





