
Bakı Ağır Cinayətlər Məhkəməsində anasını qətlə yetirməkdə ittiham olunan yeniyetmə ilə bağlı məhkəmə araşdırması başa çatıb.
Keçirilən sonuncu iclasda hökm elan olunub. Hökmə əsasən, 17 yaşlı A.Q. qəsdən adam öldürməkdə təqsirli bilinərək 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, hadisə ötən ilin yayında Binəqədi rayonunda yerləşən “Crossway” hotelində baş verib. Ana və oğlu eyni gündə Türkiyədən qayıdıblar. İttiham aktına görə, geyim üstündə yaranmış mübahisə zəminində yeniyetmə anası – 36 yaşlı Ə.Qasımovanı bıçaqla qətlə yetirib.
Məhkəmə prosesində təqsirləndirilən şəxs özünü təqsirli bildiyini deyib və həbs olunmasını xahiş edib.
Yeniyetmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə təqsirli bilinib. Həmin maddənin sanksiyasında 9 ildən 14 ilə qədər azadlıqdan məhrumetmə nəzərdə tutulsa da, qanunvericiliyə əsasən, 18 yaşına çatmayan şəxslərə 10 ildən artıq həbs cəzası təyin oluna bilməz.





