
Bakı şəhəri, Bülbül prospekti 20 ünvanında yerləşən ölkə əhəmiyyətli memarlıq abidəsi – Nizami Kino Mərkəzinin binası naməlum şəxs və ya şəxslər tərəfindən vandalizmə məruz qalıb.
Qanuntv.az xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti və Azərbaycan Respublikasının Kino Agentliyi (ARKA) birgə bəyanat yayıb.
Məlumata görə, həmin şəxslər tarixi binanın fasadına boya ilə cızma-qara edərək müxtəlif söz və ifadələr yazıblar. Baş vermiş hadisə ilə bağlı hüquq-mühafizə orqanlarına rəsmi müraciət olunub.
Hazırda hadisənin hansı şəraitdə törədildiyi və vandalizm aktını həyata keçirən şəxslərin kimliyi araşdırılır.
Qeyd olunub ki, artıq tarixi abidəyə vurulan ziyanın aradan qaldırılması və binanın ilkin görkəminin bərpası istiqamətində müvafiq tədbirlər həyata keçirilir.
Rəsmi qurumlar bir daha vətəndaşları milli-mədəni irsimizə həssas yanaşmağa çağıraraq, tarixi abidələrin qorunması ilə bağlı qanunvericiliyin tələblərinə əməl olunmasının vacibliyini vurğulayıblar.






