
Azərbaycan Kubokunun yarımfinal mərhələsinin ilk oyunu çərçivəsində keçirilən “Qarabağ” – “Sabah” qarşılaşması 2:2 hesabı ilə başa çatıb və tarixi bir rekorda imza atıb.
Qanuntv.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutan oyunu 21 min tamaşaçı izləyib. Bu göstərici Peşəkar Futbol Liqasının (PFL) bayrağı altında keçirilən turnirlər üçün 2025/2026 mövsümünün, həmçinin son 10 mövsümün rekordudur.
Ən yüksək tamaşaçı sayı sonuncu dəfə 2015/2016 mövsümündə, “Qarabağ” və “Neftçi” arasında keçirilən kubok finalında qeydə alınmışdı – 23 min izləyici. Həmin matçda “Qarabağ” 1:0 hesablı qələbə qazanmışdı.
Bu oyun, PFL-in 2008-ci ildən bəri təşkil etdiyi turnirlər tarixində ümumi siyahıda 5-ci pilləyə yüksəlib. Yuxarı pillələrdəki digər dörd oyun isə hamısı kubok final görüşləri olub. Beləliklə, “Qarabağ” – “Sabah” matçı bir komandanın ev oyununda Premyer Liqada ən çox tamaşaçı toplayan matç kimi tarixə düşüb.
Daha əvvəlki rekord 2016-cı il fevralın 14-də Gəncədə keçirilən “Kəpəz” – “Qarabağ” matçına məxsus idi – 20 min 400 tamaşaçı. Ümumilikdə isə bir komandanın ev oyununa ən çox tamaşaçı toplaması faktına sonuncu dəfə 2006/2007 mövsümündəki “Neftçi” – “Xəzər Lənkəran” oyununda rast gəlinmişdi; o zaman 25 min nəfər qeydə alınmışdı.
Cari mövsümün rekordu əvvəlki dəfə martın 1-də keçirilən 3:3 hesablı çempionat matçına məxsus idi. Həmin vaxt stadionda 10 min 361 tamaşaçı var idi. Beləliklə, bugünkü oyunla mövsüm rekordu iki dəfədən çox yenilənmişdir.





