
Dominikan Respublikasında özəl təyyarənin qəzaya uğraması nəticəsində iki nəfər həyatını itirib.
Məlumata görə, hadisə ölkənin La Romana Beynəlxalq Hava Limanında baş verib. ABŞ qeydiyyatında olan "Gulfstream G200" tipli biznes təyyarəsi havaya qalxdıqdan qısa müddət sonra texniki nasazlıq səbəbindən təcili eniş etmək qərarı verib.
Aviasiya qurumlarının açıqlamasına əsasən, təyyarə hava limanına qayıdarkən qəza edib və alovlanıb. Hadisə zamanı göyərtədə yalnız pilot və ikinci pilot olub. Hər iki ekipaj üzvünün həlak olduğu təsdiqlənib.
Bildirilir ki, təyyarə Dominikan Respublikasından ABŞ-ın Texas ştatına uçmalı idi. Qəza zamanı sərnişinlərin olmadığı qeyd olunub.
Hadisə yerinə xilasedicilər və yanğınsöndürmə briqadaları cəlb olunub. Qəzanın səbəblərinin müəyyənləşdirilməsi məqsədilə araşdırmalara başlanılıb.
Yerli KİV-in yaydığı görüntülərdə təyyarənin eniş zamanı idarəetməni itirərək uçuş-eniş zolağında qəzaya uğradığı və daha sonra güclü yanğının baş verdiyi əks olunub.





