
Azov dənizində baş verən dron hücumları nəticəsində zərər görən gəmilərin heyət üzvləri olan Azərbaycan vətəndaşlarının ölkəyə qaytarılması prosesi həyata keçirilir.
Qanuntv.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, iyunun 5-də baş verən hadisə zamanı zərər görmüş gəmilərin heyətində olan 19 Azərbaycan vətəndaşı ölkəmizə yola salınıb və onların iyunun 9-da günorta saatlarında Azərbaycana çatmaları gözlənilir.
Eyni zamanda qeyd olunub ki, aparılan axtarış-xilasetmə tədbirləri nəticəsində 1969-cu il təvəllüdlü Qismət Əliyev və 1981-ci il təvəllüdlü Fuad Orucovun meyitləri tapılıb.
Müvafiq prosedurlar tamamlandıqdan sonra ümumilikdə dörd vətəndaşın cənazəsinin və Yeysk şəhərində qalan iki Azərbaycan vətəndaşının da yaxın günlərdə ölkəyə gətirilməsi nəzərdə tutulur.
Xarici İşlər Nazirliyi prosesin nəzarətdə saxlandığını və vətəndaşların təhlükəsiz şəkildə repatriasiyası üçün tədbirlərin davam etdirildiyini bildirib.





