
Azərbaycanda bir sıra seysmik zonalarda aktivlik müşahidə olunur. Bu barədə Geologiya və Geofizika İnstitutunun şöbə müdiri Qulam Babayev məlumat verib.
Onun sözlərinə görə, xüsusilə Şamaxı, İsmayıllı və ətraf ərazilərdə zəlzələ ocaqları aktiv fazaya keçib. Seysmoloq bildirib ki, sözügedən bölgələrdə maksimum 4 bal gücündə zəlzələlərin baş verməsi istisna edilmir.
Q. Babayev qeyd edib ki, bu ərazilər tarixən güclü və hiss edilən zəlzələlərlə seçilib. Mütəxəssis hazırkı seysmik proseslərin nəzarətdə saxlanıldığını, vəziyyətin daim izlənildiyini vurğulayıb.
Məsələ ilə bağlı müvafiq qurumlar tərəfindən monitorinqlər davam etdirilir.
Qeyd edək ki, Şamaxı–İsmayıllı zonası ölkənin seysmik baxımdan aktiv ərazilərindən hesab olunur.





