
Yanvarın 19-da daxili işlər naziri general-polkovnik Vilayət Eyvazovun rəhbərliyi ilə Daxili Qoşunların 2025-ci ildə xidməti fəaliyyətinin yekunlarına dair əməliyyat müşavirəsi keçirilib.
Müşavirədə giriş sözü ilə çıxış edən V.Eyvazov Prezident İlham Əliyevin ordu quruculuğuna, Daxili Qoşunların fəaliyyətinin təkmilləşdirilməsinə, şəxsi heyətin sosial və maddi-texniki təminatının yaxşılaşdırılmasına xüsusi diqqət yetirdiyini bildirib.
Daxili Qoşunların komandanı, daxili işlər nazirinin müavini general-leytenant Şahin Məmmədov hesabat ilində qarşıya qoyulmuş bütün tapşırıqların məsuliyyətlə icra olunduğunu qeyd edib. Xüsusilə işğaldan azad edilmiş ərazilərdə mühafizə tədbirləri və minalanmış sahələrə keçmələrin qarşısının alınması istiqamətində görülən işlər əhəmiyyətli hesab olunub.
Məruzələrdə şəxsi heyətin döyüş, fiziki və ixtisas hazırlığının artırılması, eləcə də Daxili Qoşun hissələri ilə polis orqanlarının birgə xüsusi-taktiki təlimlərinin səmərəliliyi vurğulanıb.
Beynəlxalq idman yarışları və kütləvi tədbirlər zamanı polis və Daxili Qoşunların şəxsi heyətinin peşəkarlığı da xüsusi qeyd olunub. Qeyd edilib ki, ölkəmizdə keçirilən mötəbər tədbirlər zamanı ictimai asayiş və təhlükəsizlik yüksək səviyyədə təmin edilib.
Müşavirənin sonunda V.Eyvazov Daxili Qoşunların 2025-ci il fəaliyyətini yüksək qiymətləndirib, qarşıdakı vəzifələr və tövsiyələrini verib, şəxsi heyətin bütün tapşırıqları layiqincə yerinə yetirəcəyinə əminliyini ifadə edib.






