
Cəmiyyət arasında vahimə yaratmaq və Azərbaycanın beynəlxalq nüfuzuna xələl gətirmək məqsədilə ölkədə bir sıra strateji obyektlərə qarşı planlaşdırılan terror aktının qarşısı alınıb.
Məlumata görə, hədəf kimi strateji əhəmiyyətli Bakı–Ceyhan Neft Boru Kəməri, İsrailin Azərbaycandakı səfirliyi, Dağ Yəhudiləri Dini İcmasının rəhbərlərindən biri və “Aşkenazi” sinaqoqu seçilib.
Hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində ölkə ərazisinə keçirilmiş 3 ədəd partlayıcı qurğu aşkar edilərək zərərsizləşdirilib və onların digər şəxslərə ötürülməsinin qarşısı alınıb.
Araşdırmalar zamanı İran xüsusi xidmət orqanlarının Azərbaycanda maraq göstərdiyi strateji obyektlərin və mümkün hədəflərin müəyyənləşdirilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirilib.
İlkin məlumata əsasən, İran vətəndaşları Rüstəmzadə Behnam Sahibali və Zankiyan Yaser Rahim qabaqcadan əlbir olaraq ölkə ərazisinə partlayıcı qurğu keçirmək məqsədilə Quliyev Tərxan Tərlan oğlu ilə cinayətkar əlaqə yaradıblar.
Faktla bağlı araşdırmalar davam etdirilir.





