
Qanuntv.az xəbər verir ki, Sabah FK 2025/2026 mövsümü üzrə Azərbaycan Kubokunun qalibi olub.
Final qarşılaşmasında Zirə FK ilə üz-üzə gələn “bayquşlar” 2:1 hesablı qələbə qazanıblar.
“Palms Sports Arena”da keçirilən görüşə “Zirə” daha fəal başlayıb. Matçın 4-cü dəqiqəsində Eren Aydın hesabı açaraq “qartallar”ı önə keçirib.
İkinci hissədə toparlanan “Sabah” oyunda dönüş etməyi bacarıb. Komandanın bərabərlik qolu 70-ci dəqiqədə Patrik Mbinadan gəlib.
Görüşün taleyini isə əlavə olunmuş vaxtda Coy Lens Mikels həll edib. O, 90+1-ci dəqiqədə vurduğu qolla komandasına qələbə qazandırıb.
Matçı FIFA referisi Elçin Məsiyev idarə edib.
Qeyd edək ki, bu nəticə ilə Sabah FK klub tarixində ikinci dəfə Azərbaycan Kubokunun sahibi olub.





