
Azov dənizində dron hücumuna məruz qalan "Natra" yük gəmisində sağ qalan Azərbaycan vətəndaşlarından biri yaşadığı dəhşətli anlardan danışıb.
QanunTV.az xəbər verir ki, sağ qalan heyət üzvlərindən biri Lənkəran rayonunun Boladi kənd sakini Elməddin Axundzadədir. Gəmidə elektrikçi işləyən həmyerlimiz hücum gecəsini belə xatırlayıb:
"Gəmidə 12 nəfər heyət idik. Saat 12:05-də vızıltı səsinə ayıldım. Çöldən qışqırdılar ki, gəmi dronla vurulub, hamı aşağı toplaşmalıdır. Ard-arda zərbələr endirildi. Psixoloji olaraq çox ağır vəziyyətdə idik. Səhəri gözləyirdik ki, cəsədləri axtaraq. Bir neçə nəfərin meyitini tapdıq. Sonradan rus xilasediciləri gəlib bizi təxliyə etdilər", - deyə o bildirib.
Qeyd edək ki, iyunun 5-də Azov dənizində iki xarici yük gəmisinə dron hücumu həyata keçirilib. Hadisə nəticəsində dörd Azərbaycan vətəndaşı həlak olub, daha dörd nəfər yaralanıb.
Hər iki gəmidə sağ qalan 19 nəfər azərbaycanlı heyət üzvü Azərbaycana gətirilib, həlak olanların nəşləri isə ailələrinə təhvil verilib.





