
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov iyunun 23-də Şuşa şəhərində Bülbülün ev-muzeyində olublar.
QanunTV.az xəbər verir ki, Milli Məclisin deputatı Polad Bülbüloğlu ali qonaqlara Bülbülün ev-muzeyi, onun tarixi və burada aparılan bərpa işləri barədə məlumat verib.
Bildirilib ki, görkəmli Azərbaycan sənətkarı Bülbülün doğulduğu və uşaqlıq illərini keçirdiyi bu bina Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə 1982-ci ildə ev-muzeyinə çevrilib. Sonrakı illərdə burada təmir-bərpa işləri aparılıb və zəngin muzey ekspozisiyası yaradılıb.
Şuşanın işğalı zamanı muzey erməni vandalizminə məruz qalıb və fəaliyyətini dayandırıb. Azərbaycanın ərazi bütövlüyünün bərpasından sonra digər tarixi-mədəni abidələr kimi, Bülbülün ev-muzeyinin də yenidən bərpasına başlanılıb.
Hazırda muzeydə Bülbülün həyat və yaradıcılığını əks etdirən eksponatlar qorunur. Muzeyin həyətində sənətkarın yeni büstü ucaldılıb. İşğal dövründə dağıdılmış əvvəlki büst isə erməni vandalizminin Azərbaycan mədəni irsinə vurduğu ziyanın nümunəsi kimi burada saxlanılır.
Şuşada bu cür tarixi məkanların bərpası Azərbaycanın milli-mədəni irsinin qorunması və gələcək nəsillərə çatdırılması baxımından mühüm əhəmiyyət daşıyır.









