
İran Hörmüz boğazında baş verən qarşılıqlı zərbələrdən sonra ABŞ ilə iyunun 28-nə planlaşdırılan texniki danışıqlardan imtina edib.
QanunTV.az xəbər verir ki, bu barədə IRIB telekanalı İranın sabiq ali rəhbərinin ofisinin üzvü Həbibullah Fəzailiyə istinadən məlumat yayıb.
Fəzailinin sözlərinə görə, keçirilməsi nəzərdə tutulan texniki məsləhətləşmələr İran tərəfinin qərarı ilə ləğv olunub. Buna səbəb kimi son günlər ABŞ və İran qüvvələri arasında baş verən qarşılıqlı hücumlar göstərilib.
Bildirilib ki, Tehran ABŞ tərəfi ilə danışıqların bərpasından əvvəl bir sıra şərtlərin yerinə yetirilməsini, o cümlədən dondurulmuş aktivlərə çıxışın təmin olunmasını tələb edir.
Qeyd edək ki, İranın xarici işlər naziri Abbas Əraqçı Hörmüz boğazındakı vəziyyətə hər hansı müdaxilənin bölgədə gərginliyi artıracağını bildirib.
Məlumata görə, SEPAH ABŞ zərbələrinə cavab olaraq Küveyt və Bəhreyndə yerləşən ABŞ hərbi obyektlərinə raket və PUA-larla hücum edib. Bundan əvvəl isə ABŞ qüvvələri Hörmüz boğazı ətrafında İranla əlaqəli obyektlərə zərbələr endirib.





