Azərbaycan ağırlıqqaldıranı Dadaş Dadaşbəyli Bolqarıstanın paytaxtı Sofiyada keçirilən Avropa çempionatında 3 qızıl medal qazanıb.
109 kiloqram çəki dərəcəsində çıxış edən idmançı birdən qaldırma hərəkətində 176 kiloqramın öhdəsindən gəlib və bu hərəkətdə Avropa çempionu olub.
Atlet təkanla qaldırma hərəkətində də eyni uğuru təkrarlayıb. O, 212 kiloqramı başı üzərinə qaldıraraq bu hərəkətdə də qızıl medal qazanıb.
O, toplam 388 kiloqram (176+212) nəticə ilə yekun sıralamada da Avropada hər kəsi qabaqlayaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Kişilər arasında bu uğura sonuncu dəfə 2012-ci ildə Türkiyənin Antalya şəhərində keçirilmiş Avropa çempionatında Əfqan Bayramov imza atmışdı.
Qeyd edək ki, yarışda 43 ölkədən 402 atlet (202 kişi + 200 qadın) mübarizə aparır.