
Kanadanın Baş naziri Mark Karni açıqlama verərək, Kanadanın Qrenlandiyanın öz müqəddəratını müstəqil şəkildə təyin etmək hüququnu dəstəklədiyini bildirib.
O, Davosda keçirilən Dünya İqtisadi Forumunda çıxışı zamanı vurğulayıb ki, Ottawa həm Qrenlandiyanın, həm də Danimarkanın yanında olaraq Arktika regionunda suverenlik və ərazi bütövlüyünün qorunmasını dəstəkləyir.
Mark Karni qeyd edib ki, Qrenlandiyanın gələcəyi yalnız adanın özü və Danimarka tərəfindən müəyyən edilməlidir. Kanada həmçinin Arktikanın təhlükəsizliyinin təmin olunmasında beynəlxalq əməkdaşlığın vacibliyini önə çəkir.
Bu bəyanat ABŞ-ın Qrenlandiya ilə bağlı son açıqlamaları fonunda verilib. Bir çox Avropa liderləri ABŞ-ın mövqeyini “kolonializmə qayıdış” kimi qiymətləndirib.





