
Beşbarmaq ərazisində qədim karvansaray tapılıb. Bu barədə Dövlət Turizm Agentliyinin "Mədəni İrsin Qorunması və İnkişafı" şöbəsinin müdiri Elşən Mustafayev məlumat verib.
Onun sözlərinə görə, aşkarlanan karvansaray ölkəmiz üçün elmi baxımdan böyük əhəmiyyət kəsb edir və gələcək arxeoloji tədqiqatlara zəmin yaradır.
“Ərazidə qazıntı işləri 2026-cı ildə də davam etdiriləcək. Tapıntılar yalnız tariximizi zənginləşdirmir, həm də turizm potensialımızın artmasına imkan yaradır”, – deyə Mustafayev bildirib.
Mütəxəssislər qeyd edir ki, karvansaray orta əsrlərdə Şirvan–Dərbənd ticarət yolunun üzərində yerləşən strateji obyekt olub və tacirlər, səyyahlar, dini zəvvarlar tərəfindən geniş istifadə olunub.
Ərazi gələcəkdə turizm marşrutuna daxil edilə bilər və açıq səma altında muzey obyektinə çevrilməsi nəzərdə tutulur.





