
Sea Breeze kurort şəhərciyində Azərbaycanın ən hündür binası hesab ediləcək Cipriani Tower layihəsinin həyata keçiriləcəyi açıqlanıb.
Qanuntv.az xəbər verir ki, yeni qüllə Xəzər dənizi sahilində yerləşən Halfmoon adasında inşa olunacaq.
Məlumata görə, bina 323 metr hündürlüyə malik olacaq və bununla da ölkənin ən hündür tikilisi statusunu qazanacaq. Layihənin memarlıq dizaynı dünyaca məşhur memar Shaun Killa tərəfindən hazırlanıb.
Qüllə Cipriani brendi altında fəaliyyət göstərəcək və layihə çərçivəsində:
116 otaqlı beşulduzlu Cipriani Resort Sea Breeze hoteli
Satış üçün nəzərdə tutulmuş təxminən 127 ultra-lüks rezidensiyadan ibarət Cipriani Residences Sea Breeze yaşayış kompleksi
yer alacaq.
Kompleksin infrastrukturu banket və konfrans zalları, təxminən 1647 kv.m sahəsi olan spa mərkəzi, Cipriani brendinə aid restoran və barlarla zəngin olacaq.
Layihənin açılış tarixi isə 1 oktyabr 2031-ci il olaraq planlaşdırılır.
Qeyd edək ki, yanvarın 31-də İtaliyanın Milan şəhərində Sea Breeze kurort şəhəri ilə Cipriani brendi arasında əməkdaşlıq sazişinin rəsmi imzalanma mərasimi keçirilib. Sənədi Emin Ağalarov və Cüzeppe Çipriani imzalayıblar.






