
Bakı, 7 fevral – Qanuntv.az. Liseydə baş verən insident göstərdi ki, məktəb yalnız bilik verilən yer deyil, həm də təhlükəsiz mühitin, davranış mədəniyyətinin və sosial bacarıqların formalaşdığı əsas məkandır.
Bunu "Report"a açıqlamasında deputat Vasif Qafarov bildirib. O qeyd edib ki, bu mühitin qorunması üçün məktəblərdə nizam-intizamın düzgün qurulması, qaydaların əvvəlcədən aydın şəkildə müəyyən edilməsi və hamıya eyni formada tətbiq olunması xüsusi əhəmiyyət daşıyır:
"Nizam-intizam anlayışı cəza kimi yox, şagirdin məsuliyyət hissini formalaşdıran, təhlükəsizliyi təmin edən və məktəbdaxili münasibətləri sağlamlaşdıran sistem kimi qəbul edilməlidir" – deyə deputat bildirib.
V. Qafarov geyim formasına da toxunaraq bildirib ki, bu məsələ təkcə görünüş və zahiri qayda deyil, məktəb mühitində bərabərliyin qorunması, diqqətin dərs prosesinə yönəlməsi və bəzi hallarda təhlükəsizlik baxımından vacib funksional vasitədir. Deputat vurğulayıb ki, geyim qaydaları qadağa dili ilə deyil, şagirdlərə və valideynlərə səbəbləri izah etməklə tətbiq olunmalı, məktəbin ümumi dəyərlərini və ictimai məkana uyğun davranış modelini əks etdirməlidir.
Deputat həmçinin etik davranış qaydalarını məktəb mühitində zorakılığın və konfliktlərin qarşısını alan əsas profilaktik mexanizmlərdən biri adlandırıb. Onun sözlərinə görə, hörmət dili, şəxsi sərhədlərin qorunması, mübahisə mədəniyyəti və qrup təzyiqinə qarşı dayanıqlılıq kimi mövzular tərbiyə işinin əsas istiqamətlərində olmalıdır.
"Xüsusən yeniyetməlik dövründə impulsiv davranışların artdığını nəzərə alaraq məktəb psixoloqu, kurator müəllim və mediator yanaşması kimi dəstək mexanizmləri gücləndirilməlidir" – deyə V. Qafarov əlavə edib.
Deputat bildirib ki, məsuliyyət yalnız məktəbin üzərinə qoyulmaqla nəticə əldə olunmur, valideyn nəzarəti və ailədaxili tərbiyə də prosesin ayrılmaz hissəsidir. O, rəqəmsal mühitdə nəzarətsiz qalma, gecə saatlarında sosial şəbəkə istifadəsi və aqressiv kontentə çıxış kimi amillərin uşağın psixologiyasına və davranışına birbaşa təsir etdiyini qeyd edib.
V. Qafarov dünyada azyaşlıların sosial şəbəkədən istifadəsinə məhdudiyyət tətbiqinin artan tendensiyasına da diqqət çəkib:
Avstraliyada 16 yaşdan aşağı istifadəçilərin hesab yaratmasının qarşısı alınır.
Avropa İttifaqı "Rəqəmsal Xidmətlər Aktı" çərçivəsində yaş təsdiqi mexanizmləri və platformaların məsuliyyətinin artırılması istiqamətində addımlar atır.
Böyük Britaniya platformalara uşaqları zərərli kontentdən qorumaq üçün sistemli təhlükəsizlik tədbirləri tətbiq edir.
İspaniya isə 16 yaşdan aşağı uşaqların sosial şəbəkəyə girişini real yaş yoxlaması ilə məhdudlaşdırır.
Deputat qeyd edib ki, bu baxımdan məktəblərdə davranış kodeksinin yenilənməsi, etik ünsiyyət qaydalarının qorunması, kiberzorakılıq və onlayn təhqir hallarının məktəbdaxili intizam pozuntusu kimi qiymətləndirilməsi, rəqəmsal savadlılıq proqramlarının genişləndirilməsi, valideynlər üçün maarifləndirici seminarların keçirilməsi və məktəb psixoloji xidmətinin gücləndirilməsi vacib addımlar hesab olunur.






