
İtaliyada təşkil olunan XXV Qış Olimpiya Oyunları rəsmi şəkildə başa çatıb. “Milano-Kortina 2026 Qış Olimpiya Oyunları”nın bağlanış mərasimi möhtəşəm səhnə proqramı ilə yadda qalıb.
Bağlanış mərasimi tarixi Verona Arena amfiteatrında baş tutub. Qədim Roma dövrünə aid olan arenada keçirilən tədbirdə İtaliyanın mədəni irsi, incəsənəti və müasir səhnə elementləri bir araya gətirilib.
Mərasimdə iştirakçı ölkələrin idmançıları ənənəvi paradla arenaya daxil olublar. 17 gün davam edən yarışların yekununda Olimpiya bayrağı Beynəlxalq Olimpiya Komitəsinə təqdim edilib və növbəti Qış Olimpiya Oyunlarının ev sahibinə təhvil verilib. Sonda Olimpiya məşəli söndürülərək oyunların rəsmi bağlandığı elan olunub.
Qeyd edək ki, XXV Qış Olimpiya Oyunlarında müxtəlif qış idman növləri üzrə yüzlərlə idmançı medal uğrunda mübarizə aparıb. Oyunlar yüksək təşkilatçılığı və tamaşaçı marağı ilə seçilib.





