
Zəngilan rayonunun Ağalı kəndi BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) tərəfindən “Model Kəndlər Şəbəkəsi”nə daxil edilib.
Kənd bu şəbəkəyə dayanıqlı kənd inkişafı, müasir aqrar yanaşmaların tətbiqi, ekoloji tarazlığın qorunması və innovativ infrastruktur həllərinə görə seçilib. Ağalı kəndində həyata keçirilən “ağıllı kənd” konsepsiyası çərçivəsində alternativ enerji mənbələrindən istifadə, rəqəmsal idarəetmə sistemləri və müasir kənd təsərrüfatı mexanizmləri tətbiq olunur.
Bu status Ağalı kəndinin beynəlxalq səviyyədə nümunəvi yaşayış məntəqəsi kimi tanınmasına, eyni zamanda Azərbaycanın dayanıqlı inkişaf sahəsində həyata keçirdiyi layihələrin dünya miqyasında təqdim olunmasına imkan yaradır.
Qeyd edək ki, “Model Kəndlər Şəbəkəsi” kənd yerlərində innovasiya, ərzaq təhlükəsizliyi və sosial rifahın artırılmasını təşviq edən beynəlxalq təşəbbüsdür.





