
Azərbaycanda “Azərbaycan alüminiumu” Açıq Səhmdar Cəmiyyətinin ləğvi ilə bağlı qərar verilib.
Qanuntv.az xəbər verir ki, bu, Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Sərəncamda əksini tapıb.
Sənədə əsasən, “Azərbaycan alüminiumu” ASC-nin aktivləri Azəralüminium MMC-nin balansına keçiriləcək.
Eyni zamanda, Maliyyə Nazirliyinə cəmiyyətin qeyri-dövlət təşkilatları qarşısında təsdiq olunmuş borclarının ödənilməsi ilə bağlı tapşırıq verilib. Belə ki, təqdim ediləcək təsdiqedici sənədlər əsasında həmin borclar bir ay müddətində dövlət büdcəsi və ya digər maliyyə mənbələri hesabına təmin olunmalıdır.
Bundan əlavə, Azərbaycan İnvestisiya Holdinqinə Sərəncamdan irəli gələn məsələlərin həlli istiqamətində zəruri tədbirlərin görülməsi tapşırılıb.
Qeyd edək ki, bu qərar metallurgiya sahəsində idarəetmənin optimallaşdırılması, istehsalın səmərəliliyinin artırılması və sektorun inkişafının sürətləndirilməsi məqsədi daşıyır.





