
Əvəzedicilər Liqasının XXI turu çərçivəsində keçirilən “Qarabağ-2” – “Sabah-2” qarşılaşması ilə bağlı yekun qərar verilib.
Qanuntv.az xəbər verir ki, müvafiq qərar AFFA-nın İntizam Komitəsi tərəfindən qəbul olunub.
Belə ki, oyunun 43-cü dəqiqəsində “Qarabağ-2” komandasının baş məşqçisi Maksim Medvedev hakimin qərarlarına sərt etiraz edərək komandasını meydandan çıxarıb. Qısa fasilədən sonra komanda yenidən oyuna qayıdıb və qarşılaşma davam etdirilib.
Baş verən insident intizamsızlıq kimi qiymətləndirilib və cəzasız qalmayıb. Qərara əsasən, “Qarabağ-2” klubu 1000 manat məbləğində cərimə olunub.
Bununla yanaşı, oyundan sonra paltardəyişmə otağına ziyan vurulması ilə bağlı “Sabah-2” komandası barədə də tədbir görülüb. Masazır təmsilçisi arenaya dəyən maddi zərəri tam şəkildə ödəməli olacaq.
Qeyd edək ki, bu hadisə Əvəzedicilər Liqasında son dövrlərin ən çox müzakirə olunan qarşılaşmalarından biri kimi yadda qalıb.





