
Azərbaycanın güləş üzrə tanınmış idmançısı, dördqat Avropa və üçqat dünya çempionu Hacı Əliyev növbəti uğuru ilə diqqət mərkəzinə düşüb.
Qanuntv.az xəbər verir ki, təcrübəli güləşçiyə “mayor” hərbi rütbəsi verilib. Bu barədə idmançı özünün “Instagram” hesabında paylaşım edib.
Məlumata görə, sözügedən rütbə Elçin Quliyev – Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik tərəfindən təqdim olunub.
Hacı Əliyev paylaşımında bu hadisənin onun həyatında xüsusi yer tutduğunu vurğulayıb:
“Bu gün həyatımda unudulmaz günlərdən biri oldu. Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev tərəfindən ‘mayor’ rütbəsinə layiq görülmək mənim üçün böyük şərəf və məsuliyyətdir.
Göstərilən etimada görə təşəkkür edir, vətənə xidmət yolunda daha böyük əzmlə çalışacağımı bildirirəm. Azərbaycan Respublikasına xidmət edirəm!” – deyə idmançı qeyd edib.
Qeyd edək ki, Hacı Əliyev beynəlxalq arenada qazandığı uğurlarla Azərbaycanın idman şərəfini daim yüksək səviyyədə təmsil edən idmançılar sırasında yer alır.





