
Aprelin 15-də Nizami Kino Mərkəzində İctimai Televiziya və Radio Yayımları Şirkəti ilə Elm və Təhsil Nazirliyinin birgə təşəbbüsü əsasında hazırlanan “Mən, Lalə, bir də Şerlok Holms 2” çoxseriyalı bədii televiziya filminin ikinci mövsümünün təqdimatı keçirilib.
Tədbirdə Leyla Əliyeva, Alyona Əliyeva, mədəniyyət naziri Adil Kərimli və elm və təhsil naziri Emin Əmrullayev iştirak ediblər.
Çıxış edən Emin Əmrullayev layihənin ərsəyə gəlməsində əməyi olan hər kəsə təşəkkürünü bildirib. Nazir qeyd edib ki, İctimai Televiziya son illər keyfiyyətli və xüsusilə təhsilyönümlü məzmunun təqdim olunmasında mühüm rol oynayır. Onun sözlərinə görə, bu kimi layihələr uşaqların dünyagörüşünün formalaşmasına və maariflənməsinə ciddi töhfə verir.
Layihənin ideya müəllifi Tural Sevdimalı çıxışında bildirib ki, əsas məqsəd uşaqlara düzgün dəyərləri aşılamaqdır. O vurğulayıb ki, layihə vasitəsilə uşaqlara doğru dost seçimi, güvən anlayışı və müsbət qəhrəmanların tanıdılması aşılanır.
Tural Sevdimalı həmçinin qeyd edib ki, artıq Kino Agentliyi ilə əməkdaşlıq qurulub və layihə pitching mərhələsini uğurla keçib. Yaxın zamanda filmin tammetrajlı versiyasının çəkilişi planlaşdırılır və gələcəkdə kinoteatrlarda nümayişi nəzərdə tutulur.
Qeyd edək ki, serialın ssenari müəllifləri Tural Sevdimalı və Vüqar Hüseynovdur. Ailəvi, detektiv və komediya janrlarını birləşdirən ekran işi 12 seriyadan ibarətdir və hər seriyanın müddəti 50 dəqiqədir.
Serialın ilk mövsümündə hadisələr Muradın kənddə keçirdiyi yay tətili fonunda inkişaf edir. Xüsusilə Artur Konan Doylun əsərləri vasitəsilə Şerlok Holms obrazının onun təxəyyülündə canlanması süjetin əsas xəttini təşkil edir. Layihə mütaliənin əhəmiyyətini ön plana çıxarmaqla yanaşı, uşaqlara dürüstlük, məsuliyyət və ictimai davranış qaydalarını aşılayır.
Yeni mövsümdə hadisələr 11 yaşlı Muradın ətrafında cərəyan edir. O, “Əlaçı” bilik yarışmasının qalibi olmağı arzulasa da, müəyyən səbəblərə görə yarışmada iştirak edə bilmir. Buna baxmayaraq, Laləyə öz kəndlərini təqdim etməkdə dəstək olur. Mövsümdə dostluq, rəqabət və seçim qarşısında qalmaq kimi mövzular ön plana çıxır. Muradın xəyali dostu olan Şerlok Holms bu mövsümdə də ona yol göstərir.
“Mən, Lalə, bir də Şerlok Holms 2” serialı aprelin 19-dan etibarən İctimai Televiziya və Radio Yayımları Şirkətinin efirində yayımlanacaq.





