
Aprelin 15-də Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzində filologiya elmləri doktoru, professor Fəridə Səfiyevanın yeni kitabının təqdimat mərasimi keçirilib.
“İrəvan: tarixin və itirilmiş irsin əks-sədası” adlı əsər Leyla Əliyevanin dəstəyi ilə Azərbaycan, rus, ingilis və fransız dillərində nəşr olunub. Tədbirdə Alyona Əliyeva da iştirak edib.
Təqdimatdan əvvəl Azərbaycanın görkəmli oftalmoloq-alimi, akademik və ictimai xadim Zərifə Əliyevanin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Mərkəzin direktoru Anna İbrahimbəyova çıxış edərək kitabın əhəmiyyətini vurğulayıb və onun məhz bu məkanda təqdim olunmasını mədəni hadisə kimi dəyərləndirib. İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi İdarə Heyətinin sədri Rüfət Mahmud isə İçərişəhərin yalnız turizm deyil, həm də yaradıcılıq və intellektual mərkəz kimi rolundan danışıb.
AMEA-nın Abbasqulu Ağa Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun Qərbi Azərbaycan tarixi şöbəsinin rəhbəri, kitabın redaktoru Cəbi Bəhramov layihənin tarixi və elmi baxımdan əhəmiyyətini qeyd edərək İrəvanın qədim tarixə malik olduğunu vurğulayıb.
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva da çıxışında belə nəşrlərin ictimai yaddaş və araşdırmalar baxımından vacibliyini qeyd edib.
Kitabın müəllifi Fəridə Səfiyeva isə İrəvanlı olduğunu bildirərək əsərin onun üçün həm elmi fəaliyyət, həm də mənəvi məsuliyyət daşıdığını deyib. O, tarixi və mədəni irsin gələcək nəsillərə çatdırılmasının vacibliyini vurğulayıb.
Tədbir bədii proqramla davam edib.
Qeyd edək ki, kitab İrəvan şəhərinin tarixi, mədəni irsi və şəhərin formalaşmasında rol oynamış şəxsiyyətlər haqqında geniş elmi araşdırmaları əhatə edir və mövzu üzrə arxiv materialları, fotoşəkillər və mənbələr əsasında tədqiqat xarakteri daşıyır.







