
Gənclər və idman naziri Fərid Qayıbov iştirakı ilə Azərbaycan Boks Federasiyasının ümumi yığıncağı keçirilib.
Yığıncaqda federasiyanın baş katibi Nağı Səfərov 2022–2026-cı illər ərzində görülən işlərə dair hesabatla çıxış edib. Bildirilib ki, Prezident İlham Əliyev tərəfindən idmanın inkişafına göstərilən xüsusi diqqət və qayğı nəticəsində ölkə boksu son illərdə mühüm nailiyyətlər əldə edib. Qeyd olunub ki, Azərbaycan boksçuları son 4 ildə beynəlxalq yarışlarda 178 qızıl, 165 gümüş və 307 bürünc olmaqla ümumilikdə 650 medal qazanıblar.
Daha sonra federasiyanın növbəti 4 il üçün rəhbər heyətinin seçkiləri keçirilib. Səsvermənin nəticələrinə əsasən, Sahil Babayev yenidən Azərbaycan Boks Federasiyasının prezidenti seçilib. Natiq Həsənov və Vaqif Kazımov vitse-prezident, Fuad Hacıyev və Rövşən Hüseynov isə İdarə Heyətinin üzvləri seçiliblər.





