
Qusar rayonunda təhsilin inkişafına töhfə verən, şagirdlərin savadlı və vətənpərvər ruhda yetişməsi üçün böyük zəhmət göstərən müəllimlərdən biri də Günel Hacıyevadır. Qusar şəhər Elxan Güləliyev adına 2 nömrəli ümumtəhsil məktəbi kollektivində öz peşəkarlığı, məsuliyyət hissi və insanpərvər münasibəti ilə seçilən Günel Hacıyeva valideynlərin də xüsusi rəğbətini qazanmağı bacarıb.
Valideynlərin sözlərinə görə, müəllim olmaq sadəcə dərs keçmək deyil, eyni zamanda uşaqların gələcəyinə işıq tutmaq, onların həyat yolunda düzgün istiqamət göstərməkdir. Günel Hacıyeva da məhz bu missiyanı layiqincə yerinə yetirən müəllimlərdəndir. O, hər bir şagirdə fərdi yanaşması, diqqəti və qayğıkeş münasibəti ilə məktəbdə nümunəvi pedaqoqlardan biri kimi tanınır.
Müasir təhsil metodlarından istifadə etməsi, uşaqların dərsə marağını artırması və onların dünyagörüşünün formalaşmasına verdiyi töhfə valideynlər tərəfindən yüksək qiymətləndirilir. Şagirdlərin bilik səviyyəsinin yüksəlməsi, müxtəlif tədbirlərdə fəal iştirak etməsi və məktəbin uğurlarında pay sahibi olması Günel Hacıyevanın peşəsinə olan sevgisinin nəticəsi kimi dəyərləndirilir.
Valideynlər bildirirlər ki, müəllimin əsas gücü onun səmimiyyətində və uşaqlara olan sevgisindədir. Günel Hacıyeva şagirdlərlə yalnız müəllim kimi deyil, həm də qayğıkeş bir yolgöstərən kimi münasibət qurur. O, uşaqların təhsil alması ilə yanaşı, onların mənəvi inkişafına, vətənə və milli dəyərlərə bağlı ruhda böyüməsinə də xüsusi önəm verir.
Bu gün cəmiyyətin inkişafında savadlı müəllimlərin rolu danılmazdır. Belə pedaqoqların fəaliyyəti həm məktəb kollektivinə, həm də valideynlərə böyük ümid verir. Günel Hacıyeva da öz zəhməti, nümunəvi fəaliyyəti və müəllim adına verdiyi dəyərlə hər zaman hörmət qazanan təhsil işçilərindən biri kimi dəyərləndirilir.
Valideynlər adından ona gələcək fəaliyyətində yeni uğurlar, möhkəm can sağlığı və yetişdirdiyi şagirdlərin daim yüksək nailiyyətlər qazanmasını arzulayırıq.





