
ABŞ və İran arasında yeni sazişin imzalanacağı və atəşkəs rejiminin 60 gün müddətinə uzadılacağı iddia olunur.
Qanuntv.az xəbər verir ki, bu barədə Axios portalı ABŞ rəsmilərinə və mənbələrə istinadən məlumat yayıb.
Bildirilib ki, razılaşma çərçivəsində Hörmüz boğazının yenidən açılması, İranın isə neft satışını sərbəst həyata keçirməsi nəzərdə tutulur. Eyni zamanda, bu müddət ərzində İranın nüvə proqramının məhdudlaşdırılması ilə bağlı danışıqların aparılacağı qeyd olunur.
Məlumata görə, tərəflər 60 günlük qarşılıqlı anlaşma memorandumu imzalamağı planlaşdırır və bu müddət razılıq əsasında uzadıla bilər. Sənəddə həmçinin İranın uranın zənginləşdirilməsi proqramını dayandırması və nüvə silahı hazırlamayacağı öhdəliyi ilə bağlı maddələr yer alır.
Bununla yanaşı, ABŞ qoşunlarının regionda qalacağı, yekun razılaşma əldə olunacağı təqdirdə isə mərhələli şəkildə çıxarılacağı iddia edilir.
Qeyd olunur ki, İran tərəfindən hələlik bu məlumatlar rəsmi şəkildə təsdiqlənməyib.





