
İlham Əliyev kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirədə çıxışı zamanı aqrar sahədə məhsuldarlığın artırılması, pambıqçılığın inkişafı və hazır məhsul istehsalının genişləndirilməsi ilə bağlı mühüm açıqlamalar verib.
Qanuntv.az xəbər verir ki, dövlət başçısı son illərdə taxılçılıqda məhsuldarlığın artdığını vurğulayaraq bildirib ki, hazırda hər hektardan orta hesabla 3.2 ton məhsul əldə olunur. Prezident qeyd edib ki, əvvəlki illərdə bu göstərici təxminən 2 ton idi və əsas məqsəd məhsuldarlığı 5 tona çatdırmaqdır.
İlham Əliyev pambıqçılıq sahəsində də rekord nəticələrin əldə olunduğunu diqqətə çatdırıb. Onun sözlərinə görə, əvvəllər hər hektardan cəmi 1 ton pambıq götürülürdüsə, görülən işlər nəticəsində bu göstərici 3.6 tona yüksəlib. Prezident bunu hətta sovet dövrü ilə müqayisədə ən yüksək nəticə adlandırıb.
Dövlət başçısı bildirib ki, qarşıya qoyulan əsas hədəf hər hektardan minimum 5 ton pambıq əldə etməkdir.
Bu halda 100 min hektar ərazidə 500 min ton pambıq istehsalı mümkün olacaq. Prezident əlavə edib ki, əsas məqsəd mahlıc ixracı deyil, hazır məhsul istehsalı və ixracıdır. Bu istiqamətdə yeni fabriklərin yaradılmasının vacibliyini vurğulayan İlham Əliyev investorları bu sahəyə sərmayə qoymağa çağırıb.
Prezident çıxışında intensiv bağçılıq və istixana təsərrüfatlarının genişləndirilməsinə də toxunub. O bildirib ki, xüsusilə azad edilmiş ərazilərdə, o cümlədən Ağalı kəndi yaxınlığında salınmış meyvə bağlarında artıq ixrac həyata keçirilir.
İlham Əliyevin sözlərinə görə, qarşıya 20 min hektar yeni intensiv bağların salınması məqsədi qoyulub. Dövlət başçısı həmçinin qeyd edib ki, hazırda Azərbaycanda 1 500 hektar ərazini əhatə edən istixana kompleksləri fəaliyyət göstərir və əlavə olaraq 500 hektarın istifadəyə verilməsi planlaşdırılır.





