
Bakının Xətai rayonu ərazisində yerləşən mənzillərdən birində oğurluq hadisəsi baş verib.
Qanuntv.az xəbər verir ki, zərərçəkən polisə müraciət edərək anasının xəstəliyi ilə əlaqədar bir müddət evdə olmadığını bildirib. O, mənzilə qayıdarkən evindən tozsoran, kondisioner, elektrik sobası, televizor və digər dəyərli əşyaların naməlum şəxslər tərəfindən oğurlandığını aşkar edib.
Daxil olmuş müraciət əsasında Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirləri həyata keçirilib.
Görülən tədbirlər nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən 36 yaşlı Rişad Zeynalov, onun qardaşı 37 yaşlı Fəyyar Zeynalov və 39 yaşlı Mikayıl Səlimov saxlanılıblar.
Faktla bağlı araşdırmalar davam etdirilir. Hüquq-mühafizə orqanları tərəfindən hər üç şəxs barəsində istintaq tədbirləri aparılır.





