
ABŞ Prezidenti Donald Tramp Vaşinqton və Tehran arasında aparılan danışıqların müsbət nəticə verə biləcəyini açıqlayıb.
Qanuntv.az xəbər verir ki, Ağ Ev rəhbəri bu barədə Cənubi Karolina ştatından olan respublikaçı senator Lindsi Qremin dəstəklənməsi ilə bağlı keçirilən telekonfrans zamanı danışıb.
Donald Tramp bildirib ki, hazırda tərəflər arasında danışıqlar davam edir və İran əlverişli hesab edilən bir razılaşmanın əldə olunmasında maraqlıdır.
ABŞ prezidenti qeyd edib ki, Tehran nüvə silahı ilə bağlı proqramdan imtina etməyə hazır olduğunu nümayiş etdirir və bu istiqamətdə irəliləyiş müşahidə olunur.
"İnanıram ki, biz qalib gəlirik. Növbəti iki həftə ərzində bu uğuru əldə etməliyik", - deyə Tramp vurğulayıb.
O əlavə edib ki, mümkün razılaşma əldə olunacağı təqdirdə bunun regionda sabitliyə müsbət təsir göstərəcəyini və dünya bazarlarında neft qiymətlərinin aşağı düşməsinə səbəb ola biləcəyini düşünür.
Qeyd edək ki, Donald Tramp bundan əvvəl də ABŞ və İran arasında mövcud gərginliyin diplomatik yollarla həll edilə biləcəyini və tərəflərin razılaşmaya yaxın olduğunu bir neçə dəfə bəyan edib.





