
Araz çayında batan yeniyetmənin meyiti aşkarlanaraq sudan çıxarılıb.
Qanuntv.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Araz çayının İmişli rayonu, Rəsullu kəndi ərazisindən keçən hissəsində batan 2009-cu il təvəllüdlü Mirişli Turan Mirağa oğlunun meyiti nazirliyin dalğıcları tərəfindən tapılıb.
Məlumata görə, yeniyetmənin meyiti batdığı yerdən təxminən 500 metr məsafədə sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Qeyd edək ki, faciəli hadisə iyunun 7-si axşam saatlarında baş verib. Turan Mirişli naməlum səbəbdən Araz çayına düşərək batıb.
Hadisədən sonra axtarış-xilasetmə əməliyyatlarına Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri və xüsusi təyinatlı katerləri cəlb olunub.
Aparılan axtarış tədbirləri nəticəsində yeniyetmənin meyiti aşkarlanaraq sudan çıxarılıb.
Faktla bağlı araşdırma aparılır.





