
Qəbələdə boğaz nahiyəsindən əməliyyat edilmiş 16 yaşlı Məleykə Məmmədovanın ölümü ilə bağlı açılmış cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Qanuntv.az xəbər verir ki, Qəbələ Rayon Mərkəzi Xəstəxanasının Cərrahiyyə şöbəsinin həkim-otorinolarinqoloqu Elçin Mahmudov məhkəmənin hökmü ilə 3 il müddətinə azadlıqdan məhrum edilib.
Hökmdə E.Mahmudovun cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsi, həmçinin 1 il 6 ay müddətində tibbi fəaliyyətlə məşğul olmasının qadağan edilməsi qeyd olunub.
Qeyd edək ki, 2009-cu il təvəllüdlü Məleykə Məmmədova ötən ilin iyun ayında Qəbələ Rayon Mərkəzi Xəstəxanasına boğaz əməliyyatı üçün müraciət edib. Yeniyetmənin üzərində tonzillektomiya əməliyyatı aparılıb. O, əməliyyatdan üç gün sonra kəskin qanaxma səbəbindən xəstəxanada vəfat edib.
Hadisə ilə bağlı bu ilin yanvar ayında Elçin Mahmudov barəsində Cinayət Məcəlləsinin 314.2-ci maddəsi (səhlənkarlıq ölümlə nəticələndikdə) ilə cinayət işi başlanmışdı.





