
Quba rayonu ərazisində, Böyük Qafqaz dağlarının Bazardüzü zirvəsi istiqamətində alpinist sıldırımdan yıxılaraq ağır vəziyyətdə qalıb.
QanunTV.az xəbər verir ki, hadisə barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə məlumat daxil olub.
Məlumata əsasən, 2000-ci il təvəllüdlü Altay Aqşin oğlu Cəfərov təxminən 3 500–3 800 metr yüksəklikdə sıldırımdan yıxılaraq müxtəlif dərəcəli bədən xəsarətləri alıb və köməksiz vəziyyətdə qalıb.
Hadisə ilə bağlı FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin peşəkar alpinist-xilasedicilərdən ibarət qrupu dərhal əraziyə cəlb olunub.
Xilasedicilər tərəfindən həyata keçirilən mürəkkəb əməliyyat nəticəsində yaralı alpinistə hadisə yerində ilkin tibbi yardım göstərilib, daha sonra çətin keçidli dağlıq ərazidən təhlükəsiz şəkildə təxliyə edilərək təcili tibbi yardım briqadasına təhvil verilib.
Xilasetmə əməliyyatı yüksək dağlıq və mürəkkəb relyef şəraitində həyata keçirilib.





