
Bakıda keçiriləcək U17 dünya çempionatına hazırlığını davam etdirən Azərbaycanın sərbəst güləş üzrə milli komandasında əhval-ruhiyyə yüksəkdir.
Milli komandanın böyük məşqçisi Hacı Əliyev komandanın məsul yarışa hazırlığını dəyərləndirərək bildirib ki, indiyədək keçirilən təlim-məşq toplanışları uğurla başa çatıb.
"Bura həm fiziki, həm də taktiki-texniki çalışmalar daxildir. Güləşçilər verilən tapşırıqları layiqincə yerinə yetiriblər. Ümid edirəm ki, bundan sonra da belə davam edəcək. Komandanın ümumi vəziyyəti çox yaxşıdır. Heyətdə Avropa çempionatının qalib və mükafatçıları yer alıb. Yaxşı hazırlıq keçmişik. Dünya çempionatında da uğurlu çıxış edəcəyimizə inanıram", – deyə Hacı Əliyev vurğulayıb.
O, bəzi idmançılarda yüngül zədələrin olduğunu qeyd etsə də, bunun onların çıxışına ciddi təsir etməyəcəyini bildirib.
Böyük məşqçi dünya çempionatında rəqabətin çox yüksək olacağını diqqətə çatdıraraq, dəqiq proqnoz verməyin çətin olduğunu söyləyib və bütün güləşçilərdən uğurlu nəticələr gözlədiyini ifadə edib.
Qeyd edək ki, güləş üzrə U17 dünya çempionatı 27 iyul – 2 avqust tarixlərində Bakıda keçiriləcək. Yarışın son günlərində sərbəst güləş üzrə mübarizələr baş tutacaq.





