
Cari ilin ikinci rübündə SOCAR tərəfindən həyata keçirilən qazma işlərinin həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 32,3 faiz artaraq 24 min metrə çatıb.
Qanuntv.az xəbər verir ki, bu barədə SOCAR məlumat yayıb.
Bildirilib ki, şirkətin müstəqil şəkildə və ya əsas payçı qismində istismar etdiyi yataqlardan hesabat dövründə 1,7 milyon ton neft və 1,8 milyard kubmetr təbii qaz hasil olunub. Ölkə üzrə ümumi qaz hasilatı ötən ilin müvafiq dövrü ilə müqayisədə 1 faiz artaraq 12,8 milyard kubmetr təşkil edib. Eyni zamanda, Azərbaycanda ümumilikdə 6,6 milyon tondan çox xam neft hasil olunub.
Məlumata görə, ikinci rübdə SOCAR tərəfindən xarici bazarlara 3,3 milyon tondan çox neft ixrac edilib. Bu həcmə həm şirkətin öz hasil etdiyi neft, həm də ölkədə fəaliyyət göstərən beynəlxalq konsorsiumların Azərbaycan dövlətinə və SOCAR-a məxsus mənfəət payları daxildir.
Hesabat dövründə ölkə üzrə təbii qaz ixracı 6,3 milyard kubmetr, daxili istehlak isə təxminən 2,5 milyard kubmetr olub. Təbii qaz ixracı 0,5 faiz, daxili istehlak isə 4,9 faiz artım göstərib.
Bundan başqa, cari ilin ikinci rübündə SOCAR tərəfindən 1,4 milyon tondan çox neft və 679 milyon kubmetr qaz emal edilib. Şirkətin Azərbaycandakı müəssisələrində istehsal olunan 556,4 min ton neft, neft-kimya və qaz-kimya məhsulları xarici bazarlara ixrac olunub.





