
Hindistan hökuməti imtahan materiallarının sızması ilə bağlı keçirilən etiraz aksiyalarından sonra tələbələrin bir sıra tələblərini yerinə yetirməyə hazır olduğunu açıqlayıb. Bununla belə, təhsil naziri Dharmendra Pradhanın istefaya göndərilməsi məsələsinin gündəmdə olmadığı bildirilib.
Qanuntv.az xəbər verir ki, bu barədə "India Today" telekanalı məlumat yayıb.
Məlumata görə, cümə günü davam edən etirazlar fonunda aksiyaların təşkilatçısı olan "Cockroach Janta Party" (CJP) hərəkatının nümayəndələri hökumət rəsmiləri ilə danışıqlar aparıblar.
CJP hərəkatının liderlərindən Aşutoş Ranka bildirib ki, hökumət iki əsas tələblə prinsip etibarilə razılaşıb. Bunlardan biri imtahan suallarının sızması səbəbindən yaranmış gərginlik fonunda intihar edən abituriyentlərin ailələrinə kompensasiya ödənilməsi, digəri isə etirazçılarla bağlı polisə verilmiş şikayətlərin geri götürülməsi və tələbələrə qarşı açılmış məhkəmə işlərinə xitam verilməsidir.
Qeyd olunub ki, etirazların əsas səbəbi milli tibb imtahanının suallarının əvvəlcədən sızması ilə bağlı qalmaqal olub. Bu səbəbdən may ayında keçirilməsi planlaşdırılan imtahan iyun ayına təxirə salınıb. İmtahanda Hindistanın 550-dən çox şəhərindən 2,2 milyondan artıq abituriyent iştirak edib.
Etirazçılar baş verənlərə görə məsuliyyətin təhsil naziri Dharmendra Pradhanın üzərinə düşdüyünü bildirirlər. Hindistanın Baş naziri Narendra Modi isə imtahan materiallarının sızması faktı ilə bağlı təcili araşdırma aparılması barədə göstəriş verib.





