
Azərbaycan Xarici İşlər Nazirliyi Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovanın keçmiş Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı səsləndirdiyi fikirlərə münasibət bildirib.
Qanuntv.az xəbər verir ki, XİN-in mətbuat katibi Ayxan Hacızadə Zaxarovanın açıqlamalarının reallığın təhrif olunması olduğunu bəyan edib.
Ayxan Hacızadə qeyd edib ki, Qarabağ bölgəsi beynəlxalq ictimaiyyət, o cümlədən Rusiya Federasiyası tərəfindən hər zaman Azərbaycanın ayrılmaz tərkib hissəsi kimi tanınıb.
Onun sözlərinə görə, KTMT mexanizmlərinin 30 il ərzində Ermənistanın işğalı altında qalmış Azərbaycanın suveren ərazilərinə münasibətdə tətbiqi məsələsinin yenidən gündəmə gətirilməsi və bunun Qarabağın Ermənistan tərəfindən tanınıb-tanınmaması ilə əlaqələndirilməsi Rusiya tərəfinin rəsmi mövqeyi ilə ziddiyyət təşkil edir və tamamilə əsassızdır.
XİN rəsmisi vurğulayıb ki, Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini beynəlxalq hüququn norma və prinsiplərinə uyğun şəkildə bərpa edib və bununla da keçmiş münaqişəyə son qoyulub.
Ayxan Hacızadə əlavə edib ki, Rusiya-Ermənistan münasibətlərinə aid məsələlərin Azərbaycanla əlaqələndirilərək şərh olunması təcrübəsinə son qoyulmalıdır.
Qeyd edək ki, Mariya Zaxarova iyulun 27-də "Qvardeysk" gənclər forumunda çıxışı zamanı Ermənistanın KTMT mexanizmlərinin Qarabağla bağlı tətbiqi barədə səsləndirdiyi fikirlərlə gündəmə gəlib.





