
Tovuz rayonunun Dondar Quşçu kəndində 10 yaşlı Nərmin Quliyevanın qətlində təqsirləndirilən İlkin Süleymanovun kassasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb. Ali Məhkəmədə hakim Rəşad Abdulovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub və şikayət təmin edilməyib.
Xatırladaq ki, Gəncə Ağır Cinayətlər Məhkəməsi İlkin Süleymanovu 18 il azadlıqdan məhrum edib. Gəncə Apellyasiya Məhkəməsinin qərarı ilə onun vəkilləri tərəfindən verilmiş apellyasiya şikayəti də təmin olunmayıb. İlkin Süleymanov günahsız olduğunu iddia etsə də, ittihamı qəbul etmir.
İttihama görə, 2019-cu il noyabrın 19-da itkin düşən Nərmin Quliyevanın yandırılmış meyiti 2020-ci ilin yanvarın 6-da kənd ərazisində aşkar edilib. Cinayət işinin istintaqı Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluğun əməkdaşlarından ibarət qrup tərəfindən aparılıb. Şübhəli şəxs, Dondar Quşçu kənd sakini, 1973-cü il təvəllüdlü İlkin Süleymanov tutularaq istintaqa cəlb edilib.
İstintaq zamanı çoxsaylı şahidlər dindirilib, məhkəmə-tibbi, məhkəmə-bioloji və məhkəmə-kimyəvi ekspertizalar təyin edilib, digər zəruri istintaq hərəkətləri aparılıb. İstintaq-əməliyyat qrupu tərəfindən Süleymanovun yaşadığı evin həyətinə giriş qapısının və süni daş örtüyünün üzərindən, Nərminin saxlanıldığı otaqdakı çarpayının örtüyü və pərdənin üzərindən qanabənzər ləkələr, eləcə də iş üçün əhəmiyyətli digər əşyalar maddi sübut kimi götürülüb.
İlkin Süleymanov şübhəli şəxs qismində müdafiəçinin iştirakı ilə dindirilərkən törətdiyi əməli tam etiraf edib. Onun barəsində Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə, habelə adam oğurluğu və ya girov götürülməsi ilə bağlı adam öldürmə), 144.3 (adam oğurluğu) və 145.3-cü (qanunsuz azadlıqdan məhrum etmə, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham elan edilib.





