
Yaponiya hökuməti 2026-cı maliyyə ili üçün müdafiə xərclərini rekord səviyyəyə qaldırıb.
Qanuntv.ax xəbər verir ki, bu barədə Teleqraf məlumat yayıb. Bildirilib ki, ordunun modernləşdirilməsi və regional təhlükəsizlik çağırışlarına cavab məqsədi daşıyan müdafiə büdcəsi əvvəlki illə müqayisədə təxminən 10 faiz artırılaraq 9 trilyon yapon yenindən (təxminən 58 milyard dollar) çox olub.
Büdcənin mühüm hissəsi – 6,2 milyard dollar – raket potensialının gücləndirilməsinə, o cümlədən 1000 kilometr mənzilli yerli istehsal raketlərin alınmasına yönəldiləcək.
Qeyd olunur ki, müdafiə xərclərinin kəskin artımı Yaponiyanın Tayvan məsələsində mümkün iştirakı ilə bağlı açıqlamalardan sonra Çinlə artan gərginlik fonunda baş verir.
Beş illik yenidən silahlanma proqramının nəticəsində Yaponiya ABŞ və Çindən sonra dünyanın üçüncü ən böyük hərbi büdcəsinə malik ölkə olacaq və Rusiyanı geridə qoyacaq.
Hökumət artan hərbi xərcləri qarşılamaq üçün korporativ mənfəət və gəlir vergisi də daxil olmaqla, bir sıra vergilərin artırılmasını planlaşdırır.





