
“Qarabağ” futbol klubunun qış təlim-məşq toplanışı çərçivəsində keçirəcəyi yoxlama görüşlərində qarşılaşacağı rəqiblər müəyyənləşib.
QanunTV.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, hazırlıq prosesinin ikinci mərhələsi yanvarın 10-dan 17-dək Türkiyənin Antalya şəhərinin Belek bölgəsində yerləşən “Gloria Sports Arena”da baş tutacaq. Komanda bu müddət ərzində təlim-məşq toplanışını davam etdirəcək.
Toplanış çərçivəsində “Qarabağ” iki yoxlama görüşü keçirəcək. Belə ki, Ağdam təmsilçisi yanvarın 12-də Özbəkistanın “Neftçi” (Fərqanə) klubu ilə saat 17:00-da (Bakı vaxtı ilə 18:00), yanvarın 16-da isə Polşanın “Zaqlebie Lubin” klubu ilə saat 18:00-da (Bakı vaxtı ilə 19:00) qarşılaşacaq.
Qeyd edək ki, “Qarabağ” yeni ildə ilk rəsmi oyununa yanvarın 21-də çıxacaq. Klub UEFA Çempionlar Liqasının Liqa mərhələsi çərçivəsində Almaniyanın “Ayntraxt” komandası ilə üz-üzə gələcək.





