
Göygöl rayonunda yerləşən orta məktəbdə kütləvi zəhərlənmə hadisəsi qeydə alınıb.
Qanuntv.az APA-ya istinadən xəbər verir ki, hadisə C.Verdiyev adına Aşıqlı kənd tam orta məktəbində baş verib.
Belə ki, ötən gün dərs prosesi zamanı məktəbin aşağı siniflərində təhsil alan təxminən 10 nəfər şagird qəfil özlərini pis hiss edib. Dərhal məktəb rəhbərliyi tərəfindən təcili tibbi yardım çağırılıb və şagirdlər xəstəxanaya yerləşdiriliblər.
Həkimlər tərəfindən uşaqlara ilkin tibbi yardım göstərilib, onların vəziyyətinin nəzarət altında olduğu bildirilib.
İlkin ehtimallara əsasən, şagirdlərin məktəbdə qəbul etdikləri qidadan zəhərləndiyi iddia olunur.
Məktəbdən verilən məlumata görə, hadisənin dəqiq səbəblərinin müəyyənləşdirilməsi məqsədilə aidiyyəti qurumlarla birgə araşdırmalar aparılır.





