
“Komandama, futbolçularıma təşəkkür edirəm. Çempionlar Liqası turnirində çox uzun, maraqlı bir mövsüm keçirdilər. Göstərdikləri oyuna görə hər birindən çox razıyam”.
Bu sözləri Azərbaycan çempionu Qarabağ FKnin baş məşqçisi Qurban Qurbanov deyib.
O bildirib ki, son oyunda da futbolçular əzmkarlıq nümayiş etdiriblər:
“Son oyunumuzda da özlərini maksimum yaxşı tərəfdən göstərdilər. Baxmayaraq ki, Bakıdakı oyundan sonra psixoloji olaraq komandanı hazırlamaq bir az çətin idi. Bununla belə, futbolçular bu gün ilk hissədəki iki qoldan sonra özlərini ələ ala bildilər və sona qədər oyundan qopmadılar”.
Baş məşqçi azarkeşlərə də təşəkkür edib:
“Öz azarkeşlərimizə təşəkkür edirəm. Onlar Bakıdakı marafonda sonadək bizimlə oldular. Biz də çalışdıq ki, onları sevindirək, böyük futbolu göstərmək üçün çalışdıq”.
Qeyd edək ki, “Qarabağ” bu mövsüm Çempionlar Liqasında uğurlu və yaddaqalan çıxışı ilə diqqət çəkib.





