
İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) nümayəndə heyəti Çad Respublikasına rəsmi səfər həyata keçirib. Səfər çərçivəsində heyətin tərkibində dövlət şirkətləri və texnopark rezidentlərinin rəhbər nümayəndələri də yer alıb.
Səfər Çadın telekommunikasiya, rəqəmsal iqtisadiyyat və idarəetmənin rəqəmsallaşdırılması naziri Mişel Bukarın dəvəti ilə baş tutub.
Səfər çərçivəsində Allamaye Halina ilə İRİA nümayəndə heyəti arasında rəsmi görüş keçirilib. Görüş zamanı innovasiya, təhsil və rəqəmsal inkişaf sahələrində əməkdaşlığın genişləndirilməsi, Azərbaycanın rəqəmsal məhsullarının ixrac potensialı, birgə layihə imkanlarının araşdırılması və təcrübə mübadiləsi məsələləri müzakirə olunub.
Eyni zamanda, Mişel Bukar ilə keçirilən görüşdə Çadda həyata keçirilən və planlaşdırılan rəqəmsal layihələr, rəqəmsallaşma üzrə prioritet istiqamətlər və strateji hədəflər, iki ölkə arasında imzalanmış memorandumlar çərçivəsində əməkdaşlıq imkanları diqqət mərkəzində olub. Tərəflər innovasiya ekosisteminin inkişafı, rəqəmsal infrastrukturun qurulması və dövlət xidmətlərinin rəqəmsallaşdırılması sahəsində təcrübə mübadiləsinin əhəmiyyətini vurğulayıblar.
Səfər çərçivəsində İRİA heyəti Çadın bir sıra nazirlik və dövlət qurumlarının rəhbər şəxsləri ilə də görüşlər keçirib. Bu görüşlərdə rəqəmsal hökumət infrastrukturunun inkişafı, kibertəhlükəsizlik və innovasiya sahəsində potensial əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparılıb.
Həmçinin, nümayəndə heyətinin tərkibində yer alan Azərbaycanın texnopark rezidentləri də görüşlərdə iştirak edərək yerli bazarda rəqəmsal məhsulların ixrac perspektivlərini müzakirə ediblər.
Qeyd edək ki, səfərin əsas məqsədi Azərbaycanın rəqəmsal məhsul və həllərinin Çadda tanıdılması, ixrac imkanlarının genişləndirilməsi, irimiqyaslı layihələrin həyata keçirilməsi üçün zəmin yaradılması və iki ölkə arasında rəqəmsal sahədə əməkdaşlığın inkişaf etdirilməsidir.







