
“Global Media Group”un tərkibində fəaliyyət göstərən media qurumlarının əməkdaşları arasında şahmat turniri təşkil olunub.
Qanuntv.az xəbər verir ki, mayın 7-də Respublika Şahmat Mərkəzində keçirilən yarış Azərbaycan Şahmat Federasiyası və Bakı Şəhər Gənclər və İdman İdarəsinin dəstəyi ilə baş tutub.
Turnirdə “Report” İnformasiya Agentliyi, “Global Management” autsorsinq şirkəti, “Baku TV” televiziya kanalı, “Caliber” informasiya-analitik portalı, “Oxu.Az” və “Baku.ws” xəbər portalının əməkdaşları iştirak ediblər. Yarış İsveçrə sistemi üzrə 7 turdan ibarət keçirilib.
Yekun nəticələrə əsasən, “Oxu.Az”ın əməkdaşı Zaur Həsənəliyev birinci yerə layiq görülüb. “Report” İnformasiya Agentliyinin əməkdaşı Sənan Ağamalızadə ikinci, “Baku.ws”in nümayəndəsi Rəfael Rüstəmov isə üçüncü yeri tutub.
Qaliblər pul mükafatı, sertifikat və Azərbaycan Şahmat Federasiyasının təqdim etdiyi şahmat dəstləri ilə mükafatlandırılıblar. Digər iştirakçılara isə fəal iştiraklarına görə təşəkkürnamələr təqdim edilib.
Qeyd edək ki, “Global Media Group” 2017-ci ildə yaradılıb və tərkibində televiziya kanalları, informasiya agentlikləri, xəbər portalları, qəzetlər və digər media resursları fəaliyyət göstərir.










