
Son vaxtlar baş məşqçi Qurban Qurbanovun “Qarabağ” klubundan ayrılacağı ilə bağlı yayılan iddialara son qoyulub.
Məlumata görə, adı Türkiyənin “Beşiktaş” klubu da daxil olmaqla bir sıra xarici komandalarla hallanan təcrübəli mütəxəssis karyerasını Ağdam təmsilçisində davam etdirmək qərarına gəlib.
Bildirilir ki, Qurban Qurbanov “Qarabağ”la yeni müqavilə imzalayıb. Yeni anlaşmaya əsasən, o, 2029-cu ilə qədər komandanın baş məşqçisi olacaq. Müqavilə çərçivəsində onun əməkhaqqısının da artırıldığı qeyd edilir.
Xatırladaq ki, 2008-ci ildən “Qarabağ”a rəhbərlik edən Qurban Qurbanov komandanı 11 dəfə Azərbaycan çempionu edib, 6 dəfə ölkə kubokunun qalibi olub. Ağdam təmsilçisi onun rəhbərliyi altında avrokuboklarda da uğurlu çıxışları ilə yadda qalıb.





