
ABŞ rəsmiləri Haitidən yola düşərək ölkəyə qanunsuz daxil olmağa çalışan 240 nəfərin olduğu qayığı saxlayıblar.
Qanuntv.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ABŞ Gömrük və Sərhəd Mühafizəsi Xidmətinin rəhbəri Rodni Skott məlumat yayıb.
Bildirilib ki, hava patrulu əməkdaşları dəniz yolu ilə qeyri-qanuni miqrasiya cəhdi edən su nəqliyyatı vasitəsini aşkarlayıblar. Məlumata görə, həddindən artıq yüklənmiş qayıq su qəbul edir və batmaq təhlükəsi ilə üz-üzə qalmışdı. ABŞ Sahil Mühafizəsi, Gömrük və Sərhəd Mühafizəsi əməkdaşları, eləcə də Türks və Kaykos adalarının aidiyyəti qurumları birgə əməliyyat keçirərək sərnişinlərin təhlükəsiz şəkildə xilas edilməsini təmin ediblər.
Rodni Skott qeyd edib ki, qanunsuz dəniz miqrasiyası həm insan həyatı üçün ciddi risk yaradır, həm də ABŞ-yə giriş üçün heç bir zəmanət vermir. O, insanların həyatlarını təhlükəyə atmamağa çağırıb.
Hadisə zamanı qayıqda olan şəxslərin hamısının Haiti vətəndaşı olduqlarını bildirdikləri qeyd olunub.





