
İran hakimiyyəti ölkənin hava məkanında tətbiq olunan bütün uçuş məhdudiyyətlərini aradan qaldırıb.
Qanuntv.az xəbər verir ki, bu barədə İranın Mülki Aviasiya Təşkilatı rəsmi məlumat yayıb.
Qurumun açıqlamasında bildirilib ki, zəruri koordinasiya tədbirləri başa çatdırıldıqdan və uçuşların təhlükəsiz həyata keçirilməsi üçün şərait yaradıldıqdan sonra bütün məhdudiyyətlər ləğv olunub.
"Ölkənin aviasiya fəaliyyəti mövcud plana uyğun olaraq mərhələli şəkildə normal iş rejiminə qayıdır", - deyə məlumatda qeyd olunub.
Xatırladaq ki, bundan əvvəl İranın Mülki Aviasiya Təşkilatı ölkənin bütün hava limanlarından uçuşların növbəti bildirişədək dayandırıldığını açıqlamışdı. Qərarın İranın qərb hissəsində hava məkanının bağlanması ilə əlaqədar qəbul edildiyi bildirilirdi.
Məhdudiyyətlər İran və İsrail arasında yaranmış gərginlik, eləcə də qarşılıqlı raket zərbələri fonunda tətbiq olunmuşdu. Həmin dövrdə qonşu İraq da təhlükəsizlik səbəbilə hava məkanında məhdudiyyətlər tətbiq etsə də, sonradan bu qadağalar aradan qaldırılmışdı.
İsrail mediasında əməliyyatların dayandırılması ilə bağlı müəyyən siqnalların verildiyi iddia olunsa da, məsələ ilə bağlı rəsmi təsdiq hələlik açıqlanmayıb.





