
Almaniyanın "Mercedes" konserni pilotsuz uçuş aparatlarını zərərsizləşdirmək üçün yeni döyüş təyinatlı "Gelandewagen" avtomobili hazırlamağı planlaşdırır.
QanunTV.az xəbər verir ki, bu barədə Almaniya avtokonserni ilə "Tytan Technologies" startapı arasında əməkdaşlıq sazişinin imzalanacağı bildirilir.
Məlumata görə, "Tytan Technologies" şirkəti 40 kilometrədək uçuş məsafəsinə malik "Tytan" dronlarının istehsalı ilə məşğuldur. Hazırda bu dronlardan həm Ukrayna, həm də Almaniya orduları istifadə edir.
Qeyd olunur ki, Almaniya Silahlı Qüvvələri artıq "Gelandewagen" avtomobillərindən hərbi məqsədlərlə yararlanır. Yeni layihə çərçivəsində isə həmin nəqliyyat vasitələrinin dron sistemləri ilə təchiz olunaraq döyüş əməliyyatlarında istifadəsi nəzərdə tutulur.
Gələcəkdə belə avtomobillərin qruplar halında fəaliyyət göstərməsi planlaşdırılır. Onların koordinasiyası isə "Mercedes-Benz Sprinter" mikroavtobusunda yerləşdiriləcək mobil mini-qərargah vasitəsilə həyata keçiriləcək.





