
2026/27 mövsümü üçün heyətini gücləndirmək istiqamətində çalışmalarını davam etdirən "Qarabağ" klubu növbəti transferini rəsmiləşdirib.
Qanuntv.az xəbər verir ki, Ağdam təmsilçisi Xorvatiyanın "Riyeka" klubu ilə aparılan danışıqları uğurla yekunlaşdıraraq qapıçı Martin Zlomisliçi heyətinə qatıb.
Bosniya və Herseqovinadan olan 27 yaşlı qolkiperlə 3+1 illik müqavilə imzalanıb. Yeni transfer "Qarabağ"da 23 nömrəli formanı geyinəcək.
Futbolçu karyerasına "Şiroki Briyeq" klubunun yetirməsi kimi başlayan Zlomisliç 2017-ci ildə əsas komandada debüt edib. 2021-ci ildə isə Xorvatiyanın "Riyeka" klubuna transfer olunub və burada göstərdiyi stabil çıxışlarla diqqət çəkib.
Bosniya və Herseqovinanın U-19 və U-21 milli komandalarında çıxış edən qapıçı 2024-cü ildən əsas milli komandanın da üzvüdür. O, yığmanın heyətində üç oyun keçirib.
Martin Zlomisliç hazırda ABŞ, Meksika və Kanadada təşkil olunan dünya çempionatında iştirak edən Bosniya və Herseqovina millisinin heyətində yer alır.
Qeyd edək ki, Zlomisliç "Qarabağ"ın yay transfer pəncərəsində beşinci yeni transferidir. Bundan əvvəl Jali Mauddib, Zakaria Savo, Samuel Lobato və Bruno Lanqa Ağdam klubuna qoşulublar.
Ağdam təmsilçisi yeni mövsümdə daha güclü heyətlə mübarizə aparmaq üçün transfer çalışmalarını davam etdirir.





